Biz kimik?

Hər bir standart bilik və fəaliyyətdən ibarətdir. Burada məzmun uşağın nə öyrənəcəyini, yəni bilik hissəsini, fəaliyyət isə öyrəndiyini necə nümayiş etdirəcəyini bildirir. Bütün fəaliyyətlərdə uşağın təfəkkür fəallığının inkişaf etdirilməsi, psixomotor bacarıqların formalaşdırılması zəruri tələb kimi diqqət mərkəzində saxlanılır. Məzmun standartları bilik hissəsinin təcrübədə tədqiq olunaraq bacarığa çevrilməsini təmin edir.


Tədris proqramı inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, uşağın ibtidai təhsilə hazırlanması, şəxsiyyətinin formalaşması, onda sadə həyati bacarıqların inkişafı ilə bağlıdır. Verilən standartlar biri digərini tamamlamaq, möhkəmləndirmək, davam etdirmək baxımından ardıcıllıqla verilir.

Fərdi yanaşma

Uşaqların hərtərəfli inkişafının və keyfiyyətli təlimin təmin olunması və müsbət emosional mühitin yaradılması üçün, uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma, metodlar əsasında xüsusi diqqət və qayğı göstərilir. Təlim prosesində uşaqların öz bacarıqlarını kəşf etmələrinə yardımçı olaraq təşəbbüskarlıq və müstəqilliyini dəstəkləyirik. Təlimin bu forması uşağın bir fərd kimi, əməkdaşlıq edən, komanda ilə birgə çalışan, düşünən müstəqil fikirli şəxsiyyətə çevrilməsinə səbəb olur.


Beynəlxalq tədris proqramı

 Uşaq Bağçasının tədris proqramı beynəlxalq standartlara əsaslanır və xüsusi təlimlərdən keçmiş yüksək təhsil səviyyəsinə malik peşəkar mütəxəssislər tərəfindən tədris edilir.  

Bağçada məktəbəqədər tərbiyə və təlim proqramı (milli kurikulum), idarəetmə sistemi və təhsil infrastrukturu qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq təşkil edilir.

Eyni zamanda təlim prosesində yeni alternativ Beynəlxalq IB (PYP)-“Numicon”, “RWİ”, ”Montessori” proqramlarından da istifadə olunur. Bu proqram uşaqların həm öz potensialını kəşf etməsinə, həm də məntiqli analiz etmək bacarıqlarını inkişaf etdirməsinə imkan verir.

Bağçada məktəbəqədər beynəlxalq təhsilin metodikası təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir. Qeyd edilən proqramlar üzrə məşğələlər uşaqlara azad düşünmək, rabitəli işləmək, prinsipiallıq, açıqfikirlilik, özünü ifadə etmək bacarıqlarını öyrədir. Tədris dili – Azərbaycan və İngilis dilləridir.

Bağçamızda uşaqların dünyagörüşünü zənginləşdirmək üçün müxtəlif əyani vəsaitlər, əsas məşğələ və dərnəklər üçün güşələr yaradılıb, eyni zamnada “Milli Kurikulum”, “Beynəlxalq İB (PYP)” və “Montessori” proqramları üzrə müəllim və uşaq üçün metodik vəsaitlər, kitablar eləcədə resurslarla təmin olunub.


Təlim proqramı üzrə məşğələlər aşağıdakılardır:

  • Ətraf aləmlə tanışlıq
  • Sadə riyazi təfəkkürün formalaşması
  • Fiziki tərbiyyə
  • Təsviri fəaliyyət
  • Nitq inkişafı
  • Bədii təfəkkürün inkişafı
  • Savad təlimi
  • Musiqi  


Dərnəklər:

  • Gimnastika
  • Şahmat
  • Rəqs
  • Teatr
  • Bacarıqlı əllər


Təhlükəsiz mühit

Uşaqların inkişafını təmin edən əsas məqamlardan biri onların təhlükəsiz mühitdə böyümələridir. Bağçamızı ziyarət etməklə buradakı qrup otaqlarının, yeməkxananın, oyun meydançasının, dəhlizin xüsusi təhlükəsizlik təlimat və qaydalarını nəzərə alınmaqla dizayn edildiyini müşahidə edəcəksiniz.

Bağçamızda təhlükəsizlik tədbirləri görülmüş, yanğından mühafizə sistemləri, yanğın-həyəcan sistemi, müşahidə kameraları, mühafizə sistemi ilə təmin olunmuşdur. Bağçamızda təhlükəsiz infrastruktur yaradılmış, tədris və müxtəlif funksiyalı otaqlar isə təhlükəsiz qaydaları nəzərə  alınaraq avadanlıqlarla təchiz olunmuşdur.

Həyətyanı sahədə oyun meydançası uşaq sayına əsasən təşkil edilmişdir. Bağçanın həyətində oyun məkanına təbiət elementləri: ağaclar, bitkilər, qum, daş, gil və s. daxil edilmişdir. Bu ətraf aləmin öyrənilməsinə, təbiətə qayğının vacibliyinin dərk edilməsinə kömək edir, eyni zamanda fasiləsiz ekoloji təhsili təmin edir. Bağçanın həyəti eyni zamanda gəzinti və əlavə məşğələ saatlarının təşkili üçün əlverişlidir.


Sağlam qidalanma

Fiziki sağlamlıq düzgün, sağlam və rasional qidalanmadan başlayır. Bu səbəbdən xüsusi qidalanma proqramı əsasında uşaqları fərqli dadlara alışdıraraq, fiziki inkişafları üçün zəruri olan qidalarla  təmin edirik. Menyu fəsillərə uyğun olaraq formalaşdırılır. Menyuya daxil olan qida rasionu mövsümə uyğun olaraq dəyişir.


Gündəlik proqram

Biz uşaqların uğurlu gələcəyi üçün onların fiziki-mənəvi, sosial-emosional, idraki, estetik-yaradıcı və akademik inkişafına əsaslandırılmış illlik proqram üzərində gündəlik təlim proqramı təqdim edirik. Uşaqlar bu proqram əsasında tədris ili ərzində özlərinin fərqli tərəflərini kəşf edib, biliklərini praktik cəhətdən həyata keçirəcəklər.